Ağaəli İbrahimov — 80

Bu gün Azərbaycan rəssamlıq məktəbinin layiqli nümayəndəsi, Xalq rəssamı Ağaəli İbrahimovun anadan olmasının 80 illiyi və yaradıcılıq fəaliyyətinin 60 illiyi tamam olur.
Ağaəli müəllim ölkəmizdə rəngkarlıq sənətinin inkişafı və bu sahədə yeni maraqlı sənət əsərlərinin yaradılması işində uğurlu fəaliyyət göstərir. Müəllifi olduğu bədii əsərlər özünün ideya — qayəsi və peşəkar işlənilmə xüsusiyyətləri ilə seçilir. Rəssamın yaratdığı çoxsaylı sənət əsərləri ölkəmizdə və xarici ölkələrdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın indiyədək bir sıra beynəlxalq və yerli sərgilərdə nümayiş olunan əsərləri diplom və mükafatlara layiq görülübdür. “Əbədiyyət”, “Oyanma”, “Sonun başlanğıcı”, “Çağırış”, “Yaradanın rəssamı”, “Ruhun vəhdəti”, “Həqiqət qarşısında”, “Qoç döyüşü”, “Qarabağ çobanları” adlı əsərlərində folklor və muğam sənətimizdən götürülmüş süjtlər rəssam təxəyyülünün nəhayətsizliyi ilə süslənib. Sadalanan tablolarda xalqımızın mənəvi yadddaşı və milli mənəvi dəyərlər öz incəliyi ilə əks olunubdur.
Ağaəli İbrahimov Azərbaycan Rəssmlar İttifaqının katibi vəzifəsində uğurlu fəaliyyət göstərir. O, bu illər ərzində ittifaqın təşkil etdiyi müxtəlif sərgi və tədbirlərin təşkililində yaxından iştirak edir.
Ağaəli müəllimin uzunmüddətli səmərəli bədii yaradıcılıq və ictimai fəaliyyəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən Əməkdar incəsənət xadimi və Xalq rəssamı kimi yüksək fəxri adlara layiq görülüb.
Hörmətli Ağaəli müəllim!
Sizi yubileyiniz münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, bədii və ictimai yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.












