Mir-Həmzə Əfəndiyevin “LOFT” fərdi sərgisi

10 sentyabr tarixində Azərbaycan Rəssamlar İttifaqı Müasir İncəsənət Mərkəzində istedadlı rəssam Mir-Həmzə Əfəndiyevin “LOFT” adlı fərdi sərgisi keçirilmişdir. Sərgidə rəssamın 40-a yaxın rəngkarlıq işləri nümayiş olunur. “LOFT” sərgisində rəssamın son dövr yaradıcılığında mühüm yer tutan minimalizm, məkan, işıq, faktura və sükut anlayışları ön plana çıxır. Loft estetikasına xas açıq məkan və sənaye elementləri burada birbaşa təsvir obyektindən daha çox bədii düşüncənin və atmosferin formalaşdırılması vasitəsinə çevrilir. Əsərlərdə artıq detallardan məqsədli şəkildə imtina edilir. Minimal rəng palitrası, səth və faktura ilə aparılan eksperimentlər, işıq və kölgənin qarşılıqlı əlaqəsi tamaşaçı üçün sakit və açıq vizual məkan yaradır. Burada məkan atmosferə, material emosiyaya, sükut isə memarlığa çevrilir.

Mir-Həmzə Əfəndiyev 1950-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından incəsənətə, xüsusilə rəssamlığa maraq göstərib. Yaradıcılığında uzun müddət yağlı boyadan istifadə edən sənətçi son illərdə akril texnikasına üstünlük verir. Rəngkarlıqla yanaşı, fotoqrafiya və instalyasiya sahəsində də işləyir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Həyatının təxminən 20 ilini fəaliyyəti ilə əlaqədar Avropada keçirən Mir-Həmzə Əfəndiyev müxtəlif dövrlərdə Belçika, Niderland və Yunanıstanda yaşayıb. Müxtəlif mədəni mühitlərlə təmas onun dünyagörüşünə və yaradıcılıq axtarışlarına təsir göstərib. 2004-cü ildə Brüsseldə fərdi sərgisi keçirilib. Sənətçinin əsərləri beynəlxalq incəsənət platformalarında da təqdim olunur. 2023-cü ildən ABŞ-da fəaliyyət göstərən Saatchi Art onlayn qalereyasında, 2025-ci ildən isə Parisdə yerləşən Singulart platformasında əsərləri nümayiş etdirilir. Mir-Həmzə Əfəndiyevin əsərləri ABŞ, Belçika, Niderland, Yunanıstan və digər ölkələrdə şəxsi kolleksiyalarda yer alır.