Nailə Sultanın fərdi sərgisi

7 sentyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda Əməkdar rəssam Nailə Sultanın əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Salxab Məmmədov sərgi haqda məlumat verdi, gələcəkdə tanınmış rəssam Nailə Sultanın yubiley sərgisinin yəşkil olunacağını vurğuladı. Sərgidə çıxış edən Xalq Rəssamı Aydın Rəcəbov və sənətşünas Əsəd Quliyev Nailə Sultanın bədii yaradıcılığının əhəmiyyətindən, rəssamın əsərlərinin bədii və texniki imkanlarından danışdılar, onu fərdi sərgisinin təşkili münasibətilə təbrik etdilər. Sonda rəssam Nailə Sultan çıxış edərək sərgiyə gələn sənət adamlarına və sərginin təşkilinə görə Azərbaycan Rəssamlar İttifaqının İdarə heyətinə öz təşəkkürlərini bildirdi.

Əməkdar rəssam Nailə Sultan 1959-cu ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alıb. 1979-1984-cü illər də Mədəniyyət və İncəsənət Universitetində ali təhsilini davam etdirib. 1984-cü ildən ölkəmizdə və xaricdə təşkil olunan yerli və beynəlxalq əhəmiyyətli sərgilərin və simpoziumların iştirakçısı və laureatı olub. Rəssam həmçinin 2009-cu ildə Venesiyada keçirilmiş Biennalenin iştikakçısı olub. Nailə Sultan 1991-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Rəssam 2021-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Əmədar rəssamı fəxri adına layiq görülübdür. Onun indiyədək bir neçə dəfə fərdi sərgiləri keçirilib.