«Qardaşlığımız əbədidir» sərgisi

Dekabrın 18-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqı, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı nümayəndəliyi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Qardaşlığımız əbədidir” adlı sərgi açılıb. Sərgidə müxtəlif yaş qruplarından olan gənc və peşəkar rəssamların Kuzey Kıbrıs, Türkiyə və Azərbaycanın mədəni, tarixi gözəllikləri və bu ölkələrin əbədi qardaşlığını əks etdirən 200-ə yaxın əsər sərgilənib.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov, KKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatı, Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev və YAP Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva çıxış ediblər.
Sərginin moderatoru Beynəlxalq Qalereyanın direktorları Elnurə İsgəndərova, layihə rəhbəri isə Aygün Əzizovadır.


























