«Ruhun Çalarları» sərgisi

10 iyun tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Leonardo Art Məktəbinin təşkilatçılığı ilə “Ruhun Çalarları” adlı rəsm sərgisi keçirildi.

Sərgidə Leonardo Art Məktəbinin şagirdləri tərəfindən hazırlanmış 112 rəsm əsəri nümayiş olundu. Tədbir gənc rəssamların yaradıcılıq potensialını nümayiş etdirmək, onların sənətə olan marağını təşviq etmək və ictimaiyyətə təqdim etmək məqsədi daşıyırdı. Sərgidə ümumilikdə məktəbin 61 şagirdinin yaradıcılıq fəaliyyəti təmsil olundu.

Tədbirin rəsmi hissəsi Leonardo Art Məktəbinin təsisçisi və rəhbəri Nərminə Həsənovanın açılış nitqi ilə başladı. Daha sonra rəssam Ağalı İbrahimov çıxış edərək gənc istedadların inkişafının vacibliyindən danışdı, məktəbin tələbələrinə yeni uğurlara ruhlandırdı və onların gələcəkdə Azərbaycan incəsənətinin inkişafına töhfə verə biləcək istedadlı yaradıcı şəxslər kimi formalaşacaqlarına inandığını bildirdi.

Sərginin ən yaddaqalan məqamlarından biri şagirdlərin öz əsərlərini yalnız nümayiş etdirməklə kifayətlənməyərək, onların satışını da həyata keçirmələri oldu. Bu təşəbbüs uşaqlara öz yaradıcılıq məhsullarını təqdim etmək, auditoriya ilə ünsiyyət qurmaq və ilk satış təcrübələrini qazanmaq imkanı yaratdı. Əsərlərin ziyarətçilər tərəfindən maraqla qarşılanması gənc rəssamların əməyinə verilən yüksək dəyərin göstəricisi oldu.

Leonardo Art Məktəbi beynəlxalq məktəblər şəbəkəsinin bir hissəsi olan 5 illik yaradıcılıq məktəbidir. Tədris Böyük Britaniya metodologiyası əsasında hazırlanmış xüsusi proqram üzrə həyata keçirilir. Məktəbin əsas məqsədi şagirdlərdə yalnız rəssamlıq bacarıqlarını deyil, həm də yaradıcı və divergent təfəkkürü, təxəyyülü və innovativ düşüncə tərzini inkişaf etdirməkdir. Leonardo Art Məktəbi uşaqların öz ideyalarını sərbəst ifadə edə bilən, təşəbbüskar, yaradıcı və gələcəyin çağırışlarına hazır şəxsiyyətlər kimi formalaşmasına dəstək olur. Bu yanaşma məktəbin fəaliyyətinin əsasını təşkil edir və sərgidə nümayiş olunan əsərlərdə də öz əksini tapır.