Tarix

Tarix

Azərbaycan Rəssamlar İttifaqı

1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlamışdı. 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılmışdır. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında «Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin» qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilmişdir. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Rəhbər orqanı qurultaydır. 15 qurultayı olmuşdur (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013). Qurultaylararası dövrdə ittifaqın fəaliyyətinə katiblik və qurultayda seçilən Rəyasət Heyəti rəhbərlik edir. Azərbaycan Rəssamlar İttifaqı Respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, uşaqların və gənclərin estetik tərbiyəsində ciddi iş aparır, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir. Azərbaycan Rəssamlar İttifaqı öz fəaliyyətində özünüidarəetmə və demokratiya prinsiplərinə, Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir.