Rafail Əlizadənin 80 illik yubiley sərgisi açılıb

20 oktyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə İttifaqın Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Rafail Əlizadənin 80 illik yubileyinə həsr olunmuş fərdi sərginin açılışı keçirilib.
Açılış mərasimini Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov aparıb. Tədbirdə rəssamlar, mədəniyyət və incəsənət nümayəndələri, sənətsevərlər və yubilyarın həmkarları iştirak ediblər.
Sərgidə Rafail Əlizadənin çoxillik yaradıcılığını əhatə edən rəngkarlıq və qrafika əsərləri, eləcə də onun teatr, kino və televiziya sahələrindəki fəaliyyətini əks etdirən nümunələr təqdim olunub. Ekspozisiyada müxtəlif illərdə yaradılmış mənzərələr, təbiət təsvirləri və gündəlik həyat səhnələri xüsusi yer tutur. Əsərlərdə rəng və işıq münasibətləri, kompozisiya həlləri və ətraf mühitə fərdi bədii baxış diqqəti cəlb edir.
Rafail Əlizadənin yaradıcılığı təsviri sənətlə yanaşı, səhnə və ekran sənətini də əhatə edir. Rəssamın müxtəlif sahələrdəki fəaliyyəti onun zəngin yaradıcılıq təcrübəsini və sənətə çoxşaxəli yanaşmasını əks etdirir.
Açılış mərasimində rəmzi lent kəsilib, qonaqlar sərgi ilə tanış olub, nümayiş etdirilən əsərlərə baxış keçiriblər.
Rəssamın 80 illik yubileyinə həsr olunmuş sərgi onun uzunillik sənət yoluna nəzər salmaq, yaradıcılığının müxtəlif istiqamətlərini ictimaiyyətə təqdim etmək və Azərbaycan təsviri sənətinə verdiyi töhfələri bir daha diqqətə çatdırmaq baxımından əhəmiyyətlidir.





















