30 aprel tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda tanınmış, istedadlı rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgi haqda ətraflı məlumat verdi və sərginin əhəmiyyətindən danışdı. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev öz çıxışında rəssamın bədii yaradıcılıq fəaliyyətindən söz açdı və onu təbrik etdi. Sərgidə həmçin Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Nümayəndəsi Ufuk Turganer çıxış etdi, sərgi münasibətilə rəssamı təbrik etdi. Sərgidə çıxış edən rəssam Elşən Hacızadə, sənətşünaslar Elçin Şamilli və Əsəd Quliyev rəssamın həyat və yaradıcılığının önəmli cəhətlərini vurğuladılar və sərgidə nümayiş olunan əsərlərinin bədii və texniki imkanlarından danışdılar. Sonda rəssam özü çıxış edərək sərginin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına və sərgiyə gələn qonaqlara öz təşəkkürünü bildirdi. Sərgi 8 may tarixinə qədər davam edəcək.










































