“Sənətin sərhədi yoxdur” Beynəlxalq Akvarel Festivalı

14-16 oktyabrda Bakıda keçirilən “Sənətin sərhədi yoxdur” adlı Beynəlxalq Akvarel Festivalının yekun sərgisi 16 oktyabrda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səməova adına sərgi salonunda baş tutdu. Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq akvarel festivalının əhəmiyyətindən və sərgidə nümayiş olunan əsərlərinin bədii texniki xüsusiyyətlərindən danışdı. Sərgidə iştirak edən rəssamları təbrik etdi.

Sərgidə Millət vəkili, Əməkdar rəssam Üviyyə Həmzəyeva, Beynəlxalq Sulu Boya Cəmiyyətinin sədri Atanur Doğan, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Əsəd Quliyev, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, rəssam, təşkilati dəstəkçi Mehriban Alışova, şair, publisist Əkbər Qoşalı, Beynəlxalq Suluboya Cəmiyyəti Şəfa üçün Sənət Azərbaycan üzrə nümayəndələri Elminaz Qəhrəmanova və Rahim İbrahimov çıxış edərək festivalın təşkil olunmasında əməyi keçənlərə və festivalda iştirak edən xarici ölkə rəssamlarına xoş sözlərini və təbriklərini çatdırdılar. Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara sertifikatlar və hədiyyələr təqdim olundu.