21 aprel tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda tanınmış istedadlı rəssam Tahir Şıxəliyevin fərdi sərgisi açılıb.
Tahir Şıxəliyev Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bakıda anadan olan Tahir Şıxəliyev uşaqlıqdan incəsənətə, xüsusən də rəngkarlığa maraq göstərib. Yaradıcılıqda ilk addımlarını Azərbaycanın Xalq Rəssamı Oktay Şıxəliyevin rəhbərliyi altında atıb. Əzim Əzimzadə adına Rəssamlıq Kollecində təhsil aldıqdan sonra təhsilini Tbilisi Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. Bu gün Tahir Şıxəliyevin əsərləri Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, ABŞ və Rumıniyadakı muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Sərgi rəssamın yaradıcılıq yolunu üzə çıxaran unikal vizual səyahət təqdim edir. Nümayiş olunan əsərlər rəssamın üslubunun və daxili dünyasının təkamülünü əks etdirir: keçmişin xatirələri və obrazları ilə dolu erkən əsərlərdən tutmuş bu günün dinamizmini və ritmini çatdıran müasir rəngarəng və mücərrəd kompozisiyalara qədər. Rəssamın rəsmləri detallar və abstraksiya arasında tarazlıq yaradır və izləyiciyə çoxsaylı işarələrdən məna çıxarmağa imkan verir.
Sərgi aprel 28-dək davam edəcək.














































