Heydər Əliyev və Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı ilə ərsəyə gələn zal Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyət yolunu əks etdirən ekspozisiya məkanı kimi qurulub.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, AMİM-nin direktoru Şirin Məlikova, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhaq Xəlilov çıxış ediblər. Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, mədəniyyət və incəsənətin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıblar. Bildirilib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və yüksək insani dəyərlərə malik olması Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutur. Qeyd olunub ki, onların zəngin irsinin müasir təqdimat vasitələri ilə gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması və dövlətçilik ənənələrimizin köklərini gənclərə əyani formada çatdırılması baxımından əhəmiyyətli rola malikdir.

Tədbir çərçivəsində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın ifasında Ulu Öndərin sevdiyi Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.