Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan

Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarət “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı sərginin təntənəli açılışı keçirilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, A.Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafı, türk xalqlarının ortaq bədii irsi, təsviri sənətin mədəni dialoqda rolu və sərginin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfə vurğulanıb. Çıxışçılar sərgidə təqdim olunan əsərlərin qazax xalqının tarixi, milli kimliyini məişəti və təbiəti əks etdirdiyini qeyd ediblər.

Həmin gün “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı, Yunus Əmrə İnstitutu və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutmuş tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəssislərin məruzələri dinlənilib. Dəyirmi masanın moderatoru Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiya şöbəsinin böyük elmi işçisi, s.ü.f.d. Xədicə İbrahimova olub. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, s.ü.f.d., dosent Şirin Məlikova, Özbəkistan Respublikası Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutunun baş elmi işçisi, s.e.d., professor, Özbəkistan Respublikası Rəssamlıq Akademiyasının akademiki Niqora Axmedova, Ankara Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt, Q.Aytiev adına Qırğızıstan Milli Təsviri Sənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Aygül Mambetkaziyeva, A. Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin rəngkarlıq və teatr-dekorativ sənət sektorunun müdiri Samal Mamıtova, AMİM-nin Elmi-tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və A.Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin aparıcı elmi işçisi, s.ü.f.d Amir Cadaybayev iştirak ediblər.