14 aprel tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda istedadlı rəssam Əli İsmayıl Əliyevin «Qərbi Azərbaycan» adlı fərdi sərgisi təşkil olunmuşdu.
Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda ətraflı məlumat verdi, Rəssamın rəngkarlıq əsərlərinin bədii əhəmiyyətindən danışdı. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edərək rəssamın yaradıcılığında Qərbi Azərbaycan mövzusunun xüsusi önəm daşıdığını vurğuladı və onun əsərlərində hər zaman bu coğrafiyanın mədəniyyət abidələrinin və adət ən-ənələrinin incəliklə və dəqiqliklə əks olunduğunu qeyd etdi. Sərgidə həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və sənətşünas Rəfail Gülməmmədli çıxış etdilər. Çıxış edənlər rəssamın həyat və yaradıcılığı, rəssamın ömür yolu və onun əsərlərinin bədii keyfiyyətlərindən söhbət açdılar. Sonda rəssam Əli İsmayıl Əliyev çıxış edərək onun yaradıcılığına göstərilən dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına və sərgidə iştirak edən şəxslərə öz təşəkkürünü bildirdi.
Ekpozisiyada rəssamın müxtəllif illərdə və müxtəlif janrlarda işlənilmiş 85 yaxın rəngkarlıq əsəri nümayiş olunur. Sərgi aprel 19-dək davam edəcək.












































