25 noyabr tarixində Azərbaycan Rəssamlar İttifaqı və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda uşaqların rəsm əsərlərindən ibarət “Mənim sevimli mövzum” adlı sərgi təşkil olunmuşdu.
Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda məlumat verdi, bildirdi ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqların əsərlərindən ibarət sərgidə iştirak etdik, uşaqların əsərləri ilə yaxından tanış olduq və qərara aldıq ki, uşaqların əsərlərinin Azərbaycan Rəssamlar İttifaqında sərgisini təşkil edək: «Bu gün həmin sərginin açılış mərasiminə yığışmışıq. Bu münasibətlə mən uşaqları təbrik edirəm, inanıram ki, bu uşaqların içərisindən gələcəkdə dünyada tanınacaq rəssamlar yetişirlər». Tədbirdə həmçinin Xalq rəssamı Aydın Rəcəbov çıxış etdi, o, balaca uşaqların yaratdığı rəsm əsərlərinin onda dərin maraq yaratdığını vurğuladı. Öz çıxışında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva sərginin təşkilinə görə Azərbaycan Rəssamlar İttifaqına öz təşəkkürünü bildirdi.
Sərgidə 6-17 yaş arasında 78 uşağın 118 rəsm əsəri nümayiş olunur. Sonda sərgi iştirakçılarına Azərbaycan Rəssamlar İttifaqının diplomları təqdim olundu.
Sərgi 1 dekabr tarixinədək davam edəcək.






































