5 dekabr tarixində Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda istedadlı rəssam Rasim Nəzərovun “Rəsmlərdə qalan ömür” adlı fərfədi sərgisi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda məlumat verdi, rəssamın rəngkarlıq və qrafika əsərlərindən ibarət bu sərginin rəssamın birinci fərdi sərgisi olduğunu vurğuladı. Tədbirdə həmçinin Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və rəssamın həyat yoldaşı Sevil Bədəlova çıxış etdilər. Onlar çıxışlarında rəssamın həyat və yaradıcılığı, rəssamın ömür yolu və onun əsərlərinin bədii keyfiyyətlərindən söhbət açdılar və sərginin təşkilinə görə Azərbaycan Rəssamlar İttifaqına öz təşəkkürlərini bildirdilər.



































