Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr rəssamı, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev 8 sentyabr 2025-ci il tarixində ömrünün 77 yaşında vəfat edib.

Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib. 1970-1975-ci illərdə Rusiya Teatr Sənəti Akademiyasında (Moskva, QİTİS) quruluşçu rəssam ixtisası üzrə (SSRİ Xalq artisti Sergey Obraztsovun sinfi) ali təhsil alıb. 1975-ci ildən Rusiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam işləyib.
Daha sonra fəaliyyətini doğma Vətənində davam etdirən Nazim Bəykişiyev Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam (1978-1980), Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr; 1980-1991) və Gənclər Teatrında (1991-2001) baş rəssam kimi bir çox səhnə əsərlərinə bədii tərtibat verib. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamı kimi fəaliyyət göstərib.
Nazim Bəykişiyev S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, “Generalın son əmri”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Nazim Bəykişiyev uzun illər çalışdığı Akademiyada yeni rəssamlar nəslinin yetişməsinə əmək sərf edib.
Milli teatr sahəsindəki xidmətləri və uzunillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Dövlət mükafatına, 2002-ci ildə “Əməkdar rəssam”, 2006-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. O, həmçinin “Qızıl dərviş” və “Humay” mükafatlarının laureatı idi.
Xalq rəssamı Nazim Bəykişiyev 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 1980-ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. O, dəfələrlə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü seçilib və İttifaqın işində fəal iştirak edib. Rəssamın əsərləri respublikamızın nüfuzlu muzeylərində saxlanılır. Onun əsərləri dəfələrlə ölkəmizdə və xaricdə təşkil olunan sərgilərdə nümayiş olunmuşdu.
Azərbaycan Rəssamlar İttifaqının İdarə heyəti və kollektivi Xalq rəssamı Nazim Bəykişiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.











