Yaşar Səmədovun 75 illik yubileyi

31 oktyabrda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda istedadlı rəssam, Əməkdar müəllim Yaşar Səmədovun 75 illik yubileyinə həsr olunmuş fərdi sərgi təşkil olunmuşdu. Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgi haqda məlumat verdi, rəssamı təbrik etdi və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilovun yubiley təbrikini rəssama təqdim etdi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz çıxışında Yaşar Səmədovun bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoji fəaliyyətindən söz açdı, rəssamın yetirdiyi yüzlərlə tələbələri olduğunu vurğuladı. Sərgidə çıxış edən Xalq rəssamı Aydın Rəcəbov, Səmədağa Cəfərov, yazıçı Mustafa Çəmənli, sənətşünas Əsəd Quliyev rəssamın həyat və yaradıcılığından və sərgidə nümayiş olunan əsərlərinin bədii və texniki imkanlarından danışdılar, rəssamı yubileyi münasibətilə təbrik etdilər.